DÖVLƏTÇİLİYƏ SADİQ OLAQ!
Jurnalist Fariz Quliyevin Moldova mətbuatında məqaləsi dərc edilib:məqaləni oxu...

escort bodrum
Siyasət

Ramiz Yusubov: “Xalqın ümid yeri Heydər Əliyev idi” Fakt-zaman

7 dəqiqəyə oxunur

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun–Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, qarşıdurmalar fonunda xarici dövlətlərin kəşfiyyat orqanlarının daxilimizdəki simasız dairələrlə birləşərək törətdiyi əməllər nəticəsində ölkəmizdə yaranmış ümumi gərgin vəziyyət bunu bir daha təsdiq edirdi. Azərbaycan xalqı tarixi şansdan istifadə edərək ikinci dəfə qazandığı müstəqilliyi həmin illərdə əldən vermək üzrə idi. Bu dəfə düşmənlərimizin bizim üçün daha dəhşətli plan hazırlaması isə ölkəmizə, xalqımıza və dövlətimizə faciəvi sonluq vəd edirdi. Bəli, belə bir vəziyyətdə, 1993-cü il iyunun 9-da türk dünyasının böyük oğlu ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi.
XX əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşamış və xarici müdaxilə nəticəsində süquta uğramışdısa, bu dəfə yenə iki ildir müstəqilliyini bərpa edən Azərbaycan Respublikası maraqlı xarici qüvvələrlə yaxından əməkdaşlıq edən daxilimizdəki xəyanətkarların əməlləri nəticəsində azadlığını itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyət o həddə çatmışdı ki, müəyyən dağıdıcı dairələr ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdü.

Təbii ki, bu kimi dəhşətli proseslərin baş verməsinin əsaslı səbəbləri var idi. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni elə bir bərbad vəziyyətə salmışdı ki, bəzi beynəlxalq siyasi şərhçilərin dediyi kimi, artıq müstəqilliyimizi ancaq möcüzə xilas edə bilərdi. O vaxt Azərbaycan, demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Respublikada qanunsuz silahlı quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, parçalanırdı. Əhalinin ərzaq, xüsusilə çörək qıtlığı ilə üz-üzə qalması, daxili sabitliyin pozulması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib edilməsi, “sadvalçıların” “əlikramçılarla” separat sövdələşmələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, kənd təsərrüfatının, sənayenin tənəzzülü, ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi.

O zamankı iqtidar ardıcıl olaraq məntiqsiz qərarlar qəbul etməklə vəziyyəti daha da gərginləşdirir, qarşıdurmanı gücləndirirdi. 1993-cü il iyunun 4-də Gəncədə başlayan silahlı münaqişənin alovları getdikcə bütün respublikanı bürüyürdü. Gəncədə, o cümlədən, Bakıya qədər bir sıra rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Müdafiə Nazirliyinə tabe olmayan 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə silahlı hərbi hissə arasındakı döyüş vəziyyəti son həddə çatdırdı.
Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, qorxaqlığı və qətiyyətsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. İyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi bu hadisəni kəskin pislədi və bununla əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək, səbirli, təmkinli olmaları tövsiyə olunur, müstəqilliyimizin qorunub saxlanılacağına böyük inam ifadə olunurdu.
Yaranmış son dərəcə ağır vəziyyət, respublikanın parçalanması təhlükəsinin artması, xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Çıxılmaz vəziyyətə düşmüş xalqın və başını itirmiş o vaxtkı iqtidarın yeganə ümid yeri Heydər Əliyev idi.
Vətənin həmin ağır günlərində xalq müdrik şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider vətənpərvər ziyalıların və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.

Vəziyyət son dərəcə ağır idi. Respublika fəlakətin bir addımlığında idi. Bu faktlar 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının yekun rəyində də öz əksini tapırdı: “Respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmış axırıncı bir ilin xarakterik əlamətləridir.
1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlandı. Gəncədəki ağır vəziyyətə görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri vəzifəsini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti yerində öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi. Heydər Əliyev həmin gün 30 nəfər jurnalistlə birlikdə Gəncəyə yola düşdü.
Ümummilli lider Heydər Əliyevin Gəncəyə səfəri tədricən ölkədə yaradılacaq daxili sabitliyin təməlinə çevrildi. Təbii ki, bu, çox riskli bir səfər idi. Gəncədə Surət Hüseynovun ətrafına toplaşmış silahlı dəstələr hər an Ulu Öndərə sui-qəsd edə bilərdilər. Lakin o, bundan qorxmadı, Vətəni, xalqı düçar olduğu bəladan, müstəqilliyimizi məhv olmaqdan xilas etmək, Azərbaycanı qorumaq üçün bu riskli səfərə getdi.
Gəncədə isə yerli sakinlər öz xilaskarını – Ulu Öndəri gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar. Yerli əhali küçələrə çıxır, Ulu Öndərə inamını nümayiş etdirir, onunla görüşür, belə ağır məqamda onlara arxa-dayaq olduğuna görə sevincini nümayiş etdirirdi.

İyunun 13-ü Ulu Öndərin xilaskarlıq missiyası qətiyyət və cəsarət nümunəsi kimi tarixə yazıldı. Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Həmin vaxtdan etibarən ulu öndər ölkədə daxili sabitliyin yaradılması istiqamətində kifayət qədər uğurlu addımlar atdı, cəbhədə düşmənə tutarlı cavablar verərək, onu atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi, ölkənin yeni neft strategiyasını hazırladı və bununla da beynəlxalq aləmdə əlaqələrin genişləndirilməsinə böyük zəmin yarandı. Azərbaycan tədricən beynəlxalq aləmə inteqrasiya olundu və müstəqilliyimiz qorunub saxlanılaraq əbədiyyətə çevrildi.
15 iyun günü Azərbaycan xalqının tarixində ən önəmli, yaddaqalan gündür. Çünki məhz həmin gün hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi, millətimizi bəlalardan qurtardı. Onun siyasi səriştəsi, müdrikliyi, güclü iradəsi, böyük əzmi və millətinə, Vətəninə olan sevgisi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi Azərbaycanı çətin vəziyyətdən qurtardı.

Yeni Azərbaycan Partiyasının Qaradağ rayon Təşkilatının Aparat rəhbəri Ramiz Yusubov,
özəl olaraq, Arazmedia.az üçün

Hacıağa Qayıbov