Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib
Deputat bildirib ki, iyunun 4-6-da Azərbaycan Formula 1 yarışını qəbul etdi: “Bu günlərdə isə ölkəmiz futbol üzrə Avropa çempionatının dörd oyununa ev sahibliyi edir. 44 günlük Vətən müharibəsindən qısa müddət sonra Azərbaycanın bu cür mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin gücünü, qüdrətini, müharibədən sonra çevik toparlanma qabiliyyətini göstərir.Bu həm də onunla əlaqədardır ki, Azərbaycan müasir idman infrastrukturuna malikdir, ölkəmiz indiyə qədər bir çox beynəlxalq səviyyəli idman yarışlarına ev sahibliyi etməklə böyük təcrübə toplayıb və beynəlxalq aləmdə böyük etimad qazanıb. Pandemiya dövrünə baxmayaraq, ardıcıl olaraq iki beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi həm də təşkilatçıların Azərbaycanın gücünə və potensialına olan inam və etimadının təzahürüdür”.Deputat vurğulayıb ki, bu tədbirin keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin təbliği və turizm potensialının tanıdılması baxımından da böyük əhəmiyyətə malikdir: “Məlumdur ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, xüsusilə də turizm sektoruna ciddi ziyan vurub. Hazırda dünyada koronavirus pandemiyası azalan xətt üzrə gedir və bir çox ölkələr yumşalmalara gedərək müəyyən şərtlər daxilində yolları, sərhədləri açır, insanların hərəkəti, turistlərin səfərləri üçün şərait yaradırlar. Bu baxımdan indiki məqamda Azərbaycanın turizm potensialının dünyaya tanıdılmasına ciddi ehtiyac var idi və ölkəmizdə keçirilən beynəlxalq idman tədbirləri bu işdə bizə böyük dəstək olacaq”.