Lənkəran şəhərində İstirahət Mərkəzlərinin birində 5 may 2021-ci il tarixində azyaşlı qız üçün nişan mərasimi təşkil edilib.
Arazmedia.Az AsiyaTV-yə istinadən xəbər verir ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, Bədəlan kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub.
Məlumatda bildirilir ki, 14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır.
Qızcığazın özündən 24 yaş böyük olan Seymur adlı nişanlısı Rusiya Fedrasiyasının vətəndaşıdır. Onun Rusiyada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir.
Dərs ilinin sona çatmasını gözləyən cütlüyün yaxın günlərdə Rusiyaya köçəcəyi deyilir.
AsiyaTV-nin əməkdaşı məsələni dəqiqləşdirmək üçün Bədəlan kənd tam orta məktəbin direktoru Arif Mehtiyevlə və Bədəlan kənd ərazi nümayəndəsi Rza Nağıyevlə əlaqə saxlayıb. Əlaqə saxlanılan hər iki şəxs belə bir hadisənin olmasını təkzib edib.
Qeyd edək ki, müvafiq qanunvericiliyə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq-yeniyetmə hesab olunur. Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq İcra Hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır.
Digər tərəfdən toyların, nişanların, kütləvi tədbirlərin keçirilməsinə icazə verilmədiyi bir vaxtda belə bir məclisin keçirilməsi də ciddi qanun pozuntusudur.
Ümid edirik ki, Masallı Rayon İcra hakimiyyəti, Masallı Rayon Polis Şöbəsi, Masallı Rayon İcra Hakimiyyəti yanında yaradılan ictimai şura məsələ ilə yaxından maraqlanacaq və baş verən xoşagəlməz hadisənin vaxtında qarşısı alınacaq.